Ana bətnindəki inkişaf

Hər kəsin həyatında mütləq çox maraqlı bir hadisə olar. Lakin bu hadisə nə qədər maraqlı olursa olsun başımızdan keçən və hazırda əksər insanın xəbərdar belə olmadığı böyük macəraya görə olduqca sadədir. Həmin hadisənin başladığı gün, həyatınızdakı ən mühüm gündür. Məktəbə başladığınız gün, işə girdiyiniz gün, evləndiyiniz gün, və bunlara bənzər bütün günlərdən olduqca əhəmiyyətli bir gündür. Həmin gün, "bölünməyə" başladığınız gündür.

Hazırda neçə yaşınız olmasından asılı olmayaraq, indiki tarixdən yaşınızı və təxminən doqquz ayı çıxsanız həmin bölünmə gününə çatarsınız. Həmin tarixdə siz tək bir hüceyrədən ibarətdiniz. Ananızın bətnində yeni mayalanmış tək bir yumurta hüceyrəsi, hazırda "mən" dediyiniz şeyi meydana gətirirdi. Birdən bölündünüz, iki yeni hüceyrə oldunuz. Sonra yenə bölündünüz, dörd hüceyrə oldunuz. Bu bölünmə sürətlə davam etdi. Bir müddət sonra (rüşeym adlanan) bir ət parçası oldunuz. Sonra sümükləriniz, damarlarınız, ürəyiniz, dəriniz, gözünüz, qulağınız və daxili orqanlarınız əmələ gəldi. Bir müddət sonra ürəyiniz döyünməyə başladı. Görməyə, eşitməyə, hiss etməyə, danışmağa və düşünməyə başladınız.

Həmçinin bütün bunlar, gözümüzlə belə görə bilmədiyimiz bir hüceyrənin bölünməyə başlaması nəticəsində əmələ gəldi. İnsan bədənindən bir ata, filə və ya bir ağcaqanada qədər, yer üzündə yaşayan bütün canlılar, bir vaxtlar tək bir hüceyrədən ibarətdilər. Lakin hər dəfə həmin tək hüceyrə bölünərək çoxaldı və nəticədə həmin ilk hüceyrədən 100 milyon qat daha böyük, 6 milyard qat daha ağır olan insanlar dünyaya gözlərini açdılar.

 

İnsana "forma və surət" verilməsi
Yuxarıdakı sətirlərdə bəhs etdiyimiz "bölünmə" prosesi, şübhəsiz ki, sadə bir əməliyyat deyil. Bölünərək çoxalmağın baş verməsi üçün, ilk hüceyrə nüsxəsini çıxartmalı, bu nüsxələrin də vaxtları çatdıqda, bölünüb bənzər nüsxələr çıxartmalı, beləliklə də müəyyən zaman ərzində eyni hüceyrədən milyonlarla nüsxə əmələ gəlməlidir. Lakin bütün bu proses, göründüyündən daha mürəkkəb və əsrarəngizdir. Çünki bölünmə prosesinin bir mərhələsində, nüsxəsi çıxarılan hüceyrələrdən bəziləri haradan gəldiyi bəlli ola bilməyən bir əmrlə digər taylarından fərqlənməyə və tamamilə müxtəlif bir quruluş qazanmağa başlayarlar. Beləliklə də, ortaq bir ana hüceyrədən əmələ gələn hüceyrələr, bölünmə prosesində müəyyən zaman ərzində fərqliləşib ayrı-ayrı toxumaları və orqan sistemlərini əmələ gətirərlər. Bəziləri işığa həssas olan göz hüceyrələrini, bəziləri qaraciyər hüceyrələrini, bəziləri istini, soyuğu və ya ağrını qəbul edən sinir hüceyrələrini və ya səs titrəyişlərini hiss edəcək hüceyrələri əmələ gətirərlər.
Bəs belə bir iş bölgüsü necə aparılır? Bir hüceyrə, öz-özünə göz hüceyrəsi olmağa qərar verə bilməyəcəyinə görə, bu qərarı kim verir?

Bu hüceyrələrin sahib olduqları DNT, yəni genetik məlumat eynidir. Aradakı fərq isə sintez etdikləri zülallardadır. Müxtəlif zülalları sintez edən iki hüceyrə, quruluş baxımından da müxtəlifləşər. Bu tay hüceyrələr eyni hüceyrədən əmələ gəldikləri, eyni genetik məlumata sahib olduqları halda, necə ola bilər ki, birdən fərqli zülalı sintez edib fərqli quruluş və xüsusiyyətlər sərgiləməyə başlayarlar? Tamamilə bir-birlərinin eynisi olduqları halda, bir-birlərindən müxtəlif zülallar sintez etmələri əmrini kim vermişdir?
Şübhəsiz ki, bütün bu suallar açıqca bir yaradılışın olduğunu göstərir. Necə ki, Quranda, bizə insanın yaradılışı belə bildirilir:

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra bir damla nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan (rüşeym) yaratdıq, sonra o qandan (hüceyrə toplusundan) bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər ucadır! (Muminun surəsi, 12-14)

Məhz insan hüceyrələrinin bölünmə prosesi vaxtı, mükəmməl hesablama və uyğunluqla insan bədənini əmələ gətirmələrinin sirri, yuxarıdakı ayələrdə bildirilən yaradılış sirrindən, Allahın sonsuz gücündən qaynaqlanır. Hər hüceyrə, Allahın özü üçün ayırdığı vəzifəni yerinə yetirir, O, özünə "ol" əmri ilə nə olmağı əmr etsə, ona çevrilir. Bundan ötrü də, insan bədəni, Allahın iradəsi ilə, heç bir iradəsi olmayan hüceyrələr tərəfindən mükəmməl şəkildə əmələ gətirilər. Hüceyrələr bölünərək çoxalar və tam bir insan burnunu, əli, göz qapağını və ya böyrəyi əmələ gətirərlər. Lazımi qədər çoxalar, tam vaxtında da dayanarlar. Bu hüceyrələrin nəzarətsiz şəkildə çoxalmağa davam etməmələri, məsələn, insan burnunu bir fil xortumu qədər uzun etməmələri, üzərlərindəki idarənin açıq-aydın göstəricisidir. Yəni bu şüursuz varlıqların sürətli bölünməsi nəticəsində, ortaya həm daxili orqanları, həm də xarici görünüşü baxımından mükəmməl bir insan çıxması, Allahın sonsuz qüdrətinin dəlillərindəndir.

İnsanı yaradan iradə bu hüceyrələrə aid deyil. Yaradan ancaq Allahdır ki, bütün kainatı özünə boyun əydirdiyi kimi, insan bədənindəki ən kiçik hissəni də əmrinə boyun əydirmişdir. Necə ki, Quranda da belə buyurulur:

Şübhəsiz, yerdə və göydə Allaha heç bir şey gizli qalmaz. Bətnlərdə sizə istədiyi kimi surət verən Odur. Ondan başqa ilah yoxdur. O üstün və güclü olandır, hökm və hikmət sahibidir. (Ali İmran surəsi, 5-6)

Başqa bir ayədə isə, insanlara belə bildirilir:

Allah, yer üzünü sizin üçün bir qərar, səmanı bir bina etdi; sizi surətləndirdi, surətinizi də ən gözəl (bir forma və incəlikdə) etdi və sizə gözəl təmiz şeylərdən ruzi verdi. Məhz sizin Rəbbiniz Allah budur. Aləmlərin Rəbbi Allah nə Ucadır. (Mömin surəsi, 64)

Allah başqa ayələrdə isə, belə buyurur:

Ey insan, “üstün kərəm sahibi” olan Rəbbinə qarşı səni aldadıb-yanıldan nədir? Belə ki, O, səni yaratdı, sənə müəyyən nizam içində forma verdi və səni etidallı etdi. Səni istədiyi surətdə tərtib etdi. (İnfitar surəsi, 6-8)

İnsan açıq-aydın şəkildə Allah tərəfindən yaradılmışdır. Hara baxsa, bu yaradılışın izlərini görə bilər. Halbuki, insanın fikrini qarışdıran və onu bu böyük həqiqət qarşısında kor edən, yuxarıdakı ayədə bildirildiyi kimi, "aldadaraq yanıldan" müəyyən şeylər var. Məhz təkamül, bu "aldadıb yanıldan"ların öndə gedənlərindəndir. Lakin kainatın ən böyük həqiqətini rədd etməyə çalışan bu nəzəriyyə, canlıların hər mərhələsi ələ alındıqda, normal olaraq bir daha süqut edir.
Yuxarıda toxunduğumuz hüceyrə bölünməsi prosesi də bunların biridir. Təkamülün israrlı müdafiəçilərindən olan alman elm adamı Hoymar Von Ditfurt (Hoimar von Ditfurth), ana bətnindəki əsrarəngiz inkişafdan belə bəhs edir:

Tək bir yumurta hüceyrəsinin bölünməsinin, necə olub da bir-birlərindən belə fərqliləşmiş saysız hüceyrənin əmələ gəlməsinə gətirib çıxartdığı və bu hüceyrələr arasında özlüyündə baş tutan ünsiyyət və əməkdaşlıq, elm adamlarının anlaya bilmədiyi hadisələrin başında gəlir. Bu gün olub bitəni az-çox izah edə biləcək nəzəri əsaslar yaradılsa da, hadisə tamamilə suallar toplusundan ibarətdir.

Von Ditfurt (Von Ditfurth), təkamülün məğlubiyyətini gizlətmək üçün, sözlərinə lazımi "nəzəri əsaslar"ın mövcud olduğu kimi mənasız bir əlavə etsə də, hadisənin təkamül tərəfindən əsla izah oluna bilmədiyini qəbul etmək məcburiyyətindədir. Təkamülün digər qabaqcıl müdafiəçiləri də, tək bir hüceyrənin inkişaf edərək müxtəlif orqan və toxumaları əmələ gətirib 100 trilyon hüceyrəli bir insan halına gəlməsini izah edə bilmir və bu möcüzəni təkamülün qaranlıq nöqtəsi kimi xarakterizə edirlər.

 

Mühüm qərar
Yuxarıda, hüceyrələrin bölünmə və müxtəlifləşmə prosesindən çox ümumi şəkildə bəhs etdik. Əslində proses olduqca mürəkkəb və təfərrüatlıdır.

İlk hüceyrənin bölünməsi nəticəsində bir-birinin eynisi olan iki hüceyrə əmələ gələr. Həmin iki hüceyrə də böyüyüb bölünəcək, bir-birinin eynisi olan dörd hüceyrə əmələ gələcək və bu proses beləcə davam edəcək. Əgər bu "normal" proses davam etsə, ana bətnindən bir körpə deyil, nisbətən böyük bir ət parçası çıxacaq.

Halbuki müəyyən bölünmə prosesindən sonra, quruluş və vəzifə baxımından bir-birlərinin eynisi olmaları lazım gələn hüceyrələrdən birində sanki bir açar çevrilər və hüceyrə bölünməyə davam etmək əvəzinə birdən, öz quruluşunu müəyyənləşdirəcək xüsusi bir zülal sintez etməyə başlayar. Digər hüceyrə isə, əkiz qardaşının əksinə bir şey sintez etməz və bölünməyə davam edər. Ondan dörd-beş bölünmə sonra yaranan hüceyrələrdən biri yenə birdən müxtəlifləşər. O da tam fərqli bir zülal sintez etməyə başlayar. Beləliklə də, eyni quruluşa malik hüceyrələrdən, bir-birindən fərqli xüsusiyyətlərə sahib yüzlərlə hüceyrə əmələ gələr.

Təkamülçülərin nəzərdə tutduğu "elm", bütün bu hadisələri müşahidə edə bilər, lakin məntiqini izah edə bilməz. Təkamülçülərin varlığını qəbul etmək istəmədikləri bir İradə, vaxtı gəldikdə hüceyrəyə bölünməsini və ya müxtəlifləşməsini əmr edir. Buna baxmayaraq, kitabın əvvəlində toxunduğumuz uzaqdan idarə olunan oyuncaq maşın nümunəsində olduğu kimi, təkamülçü müşahidə etdiyi bu prosesə bəzi axmaq "izahlar" gətirər. Bu hadisələri "təbiət möcüzəsi" adlandırmaq kimi.

Müxtəlifləşmə prosesində hüceyrələr sanki vəzifələrini bilirmiş kimi hərəkət edərlər. Təkcə sintez etdikləri zülallar deyil, öz formaları da gələcəkdəki vəzifələrinə uyğun şəkildə müxtəlifləşər. Sinir hüceyrəsi olacaq hüceyrələr, elektrik siqnallarını ötürə bilmələrinə imkan verəcək şəkildə, çıxıntılı quruluş qazanarlar. Oynaq hüceyrələri isə, təzyiqə davamlı olan kürəyəbənzər formanı seçərlər.

Sümük hüceyrələri də digərləri kimi, yenə rüşeym mərhələsində əmələ gələrlər. Sadə görünüşə sahib bəzi hüceyrələrdə, ortada heç bir görünən səbəb olmadığı bir halda, kalsium toplanmağa başlayar və bu sayədə olduqca sərt bir toxuma əmələ gələr. Bu sərt toxuma görünməmiş dərəcədə güclü olar, kilolarla ağırlığı ömrü boyu daşıya biləcək xüsusiyyətdə əmələ gətirilər. Qırıldığı zaman özünü yenidən bərpa edə bilər. Özü ilə eyni dözümlülük dərəcəsinə malik bir maddəyə görə olduqca yüngüldür. İçindəki boşluqlar həm yüngül, həm elastik, həm də dözümlü olmasını təmin edər.

Əgər sümüyün daxilində bu boşluqların gərilmə payı olmasaydı, ən kiçik bir zərbədə qırılardılar. Müasir tikililərdə istifadə edilən "qəfəs sistemləri" sümükdəki bu mükəmməl quruluşun sadə təqlidindən başqa bir şey deyil. Bunlar sümükdə olduğu kimi, həm dözümlülük, həm də elastiklik təmin edərlər.

 

Əvvəlcədən bilinən an - gələcəyi görmək
Ana bətnində müəyyən zaman müddətində əmələ gələn müxtəlif hüceyrələrin, rüşeym inkişaf etdikcə bir-birlərinə ehtiyacları olduğu ortaya çıxar. Əzələ hüceyrələrinin özlərinə oksigen daşıyacaq qırmızı qan hüceyrələrinə ehtiyacları var. Qırmızı qan hüceyrələrinin də mövcud olmaq üçün, sümük iliyi hüceyrələrinə ehtiyacları var.

Lakin rüşeymin inkişafı mərhələsində nə istifadə edə biləcəyi əzələsi, nə əzələyə ehtiyacı olacağı bir mühit, nə də həmin qan hüceyrələrini daşıya biləcəyi qan-dövran sistemi olar. Bu zaman, ana bətnindəki "ət parçası" gələcəyi görür və gələcəkdə qarşılaşacağı mühitə, ehtiyacı olacağı xüsusiyyətlərə görə lazımi şeyləri çox əvvəldən düşünüb əmələ gətirir. Bunun edilə bilməsi üçün, hüceyrənin məlumat bankı olan DNT-dəki lazımi məlumatların olduğu fayllar (genlər) əvvəlcədən məlum olan bir anda açılmalıdırlar. Belə üstün bir zaman planının hüceyrələr tərəfindən edilə bilməyəcəyi, sistemin hüceyrə daxilində proqramlaşdırılmış şəkildə hazır olduğu aydındır. Əlbəttə ki, hər proqramın bir proqramlaşdırıcısı olduğu kimi, hüceyrə daxilində proqramlaşdırılmış şəkildə hazır olan bu sistemin sahibi hər şeyin Yaradıcısı olan Allahdır.

 

Hüceyrənin zaman və məkan planı
İnsan bədəninin inkişaf prosesini, bir binanın tikilmə prosesinə bənzətmişdik. Binanın tikilməsində olduğu kimi, hüceyrənin əmələ gətirilməsində də müəyyən plandan istifadə edilər. Lakin orqanizmin əmələ gətirilməsi üçün, təkcə bir plan da kifayət etmir. Həmçinin hansı işin nə vaxt, hansı sırada görüləcəyini göstərən zaman planına da ehtiyac var. İnşaat prosesinin harada və nə vaxt başlayacağını və planın hissələrinin hansı zaman ardıcıllığına görə yerinə yetiriləcəyini bildirən layihələr yoxdursa, ən yaxşı plan belə bir işə yaramaz. Bir binada bünövrədən başlayıb, divarları bitirdikdən sonra ən axırda damı yerləşdirməli olduğumuzu bilirik. Lakin elektrik və su xətti çəkilmədən divraları suvamağa başlaya bilmərik. Hələ divarlar hörülərkən, sonradan elektrik kabellərinin və su borularının içindən keçə biləcəyi uyğun boşluqlar qoyulmalıdır.

Necə ki, istənilən inşaat prosesində eynilə tətbiq olunan bir inşaat planı ilə yanaşı, ətraflı zaman tənzimləməsi də aparılır.

İnsanın əmələ gətirilməsi və hüceyrələr üçün də belə bir plan lazımdır. Lakin hüceyrələrdə hansı planın digərindən daha əvvəl icra olunduğu məsələsində demək olar ki, heç nə bilinmir. Hüceyrənin, əlindəki planın hansı hissəsini nə vaxt icra etməməli olduğunu və buna kimin nəzarət etdiyini də bioloqlar hələ tapa bilməyiblər. Bəzi genlərin fəaliyyətinin, yəni hər xüsusiyyətə və orqana aid faylların icrasının, tam lazımi anda və doğru vaxtda qarşısı alınarkən, bəziləri üzərindəki maneələrin necə aradan qalxdığı, təzyiqçi genlərlə təzyiqi ortadan qaldıran genləri hərəkətə keçirən əmrləri kimin verdiyi, elm adamlarına görə tamamilə naməlum olub, cavab gözləyən suallardır.  

Gözlə görülməyən bir səlahiyyət sahibi, genlərin doğru vaxtda və doğru yerdə, necə və nə vaxt hərəkətə keçməli olduqlarını müəyyənləşdirir. Beləliklə də, hər hüceyrə mütəxəssisləşəcəyi sahədə sintez prosesinə başlayaraq, ehtiyacı olan zülalları əldə edər. Məsələn, dəri hüceyrələri, keratin adlı xüsusi bir zülal cəhətdən zəngindirlər. Keratin, dəriyə xüsusi qorunma qabiliyyətini verən zülaldır. Əzələ hüceyrələri miosin adlı zülalla əhatələnmişdir. Bu zülalın xüsusi qabiliyyəti, bir tay zülalla qarşılıqlı təsirə daxil olub uzunluğunu dəyişdirə bilməsidir. Beləliklə də, əzələ liflərinin sıxılmasına gətirib çıxarar. Beyin hüceyrələrində isə, elektrik ötürməyə kömək edən zülallar mövcuddur. Digər bütün mütəxəssisləşmiş toxumaların hüceyrələri, hüceyrənin xüsusi xarakterini müəyyənləşdirən özlərinə məxsus zülalları sintez edərlər.
Beləliklə də, bəzi hüceyrələr dəri hüceyrəsi olmaq üçün keratin əmələ gətirməyə, digərləri isə, əzələ hüceyrəsi ola bilmək üçün miosin əmələ gətirməyə başlayarlar. Əslində, bütün hüceyrələrdəki DNT-lərdə həm keratin, həm də miosin üçün lazım gələn bütün genlər mövcuddur. Digər bir sözlə, genlər istifadəyə hazır vəziyyətdə gözləyərlər. Lakin dəri hüceyrələrində keratin üçün lazım olan genlərdən istifadə edildiyi halda, miosinlə əlaqədar genlərdən istifadə edilməz. Məlumat RNT-sini sintez edən ferment, DNT-dən yalnız keratinlə əlaqədar genləri tapıb oxuyar və onları hüceyrənin istehsal mərkəzi olan ribosoma aparar. Bu sayədə hüceyrə, miosin və ya ehtiyacı olmayan hər hansı bir zülalı deyil, keratini əmələ gətirər. Artıq, başqa hər hansı bir hüceyrə deyil, dəri hüceyrəsinə çevrilər. Əzələ hüceyrələrində isə, DNT-nin miosin əmələ gətirən geni oxunar və keratinlə əlaqədar genlər isə oxunmaz.
Rüşeymin inkişafı davam edərkən, DNT, proqramlaşdırılmış ardıcıllıqla genlərindən hər birini sırası gəldikcə istifadə etməli, digərlərini də dövrədən kənarlaşdıra bilməlidir. Müəyyən növdən bir hüceyrə əmələ gəlməsi yüzlərlə zülal tələb edir. Digər bir sözlə, bu hüceyrələrdə bir çox gendən istifadə edildiyi bir vaxtda, olduqca çoxundan (başqa hüceyrələrin mütəxəssisləşdiyi zülalları kodlaşdıran genlər) istifadə edilməz. DNT bütün genlərlə birlikdə, bu genlərdən nə vaxt istifadə ediləcəyini və nə vaxt istifadə edilməyəcəyini də bilməlidir. Əgər DNT-nin bu idarəsi olmasa, yəni hüceyrələrin ehtiyacları olan genlərlə yanaşı, istənilməyən digər genlər də hərəkətə keçsə, bədən, bir-birinə dolaşmış fərqli cins hüceyrələrdən yaranan bir ət topuna dönəcək.

Nəticədə yenə eyni həqiqətlə qarşılaşarıq. Ortada möhtəşəm bir plan və ağıl olduğu halda, ətrafda belə bir ağla sahib ola biləcək heç bir varlıq yoxdur. Bu vəziyyətin bizə göstərdiyi həqiqət budur: Bütün bu planın və fövqəladə sistemin sahibi aləmlərin Rəbbi olan Allahdır və Ondan başqa İlah yoxdur.

 

Möcüzəvi səfər
Ana bətnindəki inkişaf əsnasında, milyardlarla hüceyrədən hər biri öz yerinə yerləşməlidir. Bunun üçün hüceyrələr, rüşeym daxilində əmələ gəldikləri yerdən aid olduqları yerə doğru, heyrətamiz bir səfər edərlər. Bu "hüceyrə köçü" adlanar. Bu səfər əsnasında gediləcək ünvanın doğruluğu qədər, zamanlama da çox əhəmiyyətlidir. Ananın bətnindəki bu inkişaf əsnasında millimetrin yüzdə bir hissəsi qədər edilə biləcək kiçik bir yer səhvi və ya saniyənin yüzdə biri qədər bir müddətdə ediləcək zamanlama səhvi; ayaqları başdan, qulaqları sinədən çıxarda bilər. Lakin sistem elə mükəmməl işləyir ki, heç bir səhv edilməz.

Hüceyrələr gedəcəkləri yerə qədər rüşeym daxilində uzun səfər edər, bu səfərdə də xüsusi yolla gedərlər. Gedəcəkləri yerə çatdıqları vaxt, getdikləri yeri tanıyıb burada dayanarlar. Yəni milyardlarla hüceyrə, gedəcəyi yolları və yerləri əvvəlcədən bilər və üstəlik, yola çıxmağa və aid olduqları yerə çatdıqda da dayanmağa qərar verərlər. Bütün bunların nəticəsində, məsələn, heç vaxt mədə hüceyrələri ilə qaraciyər hüceyrələri bir-birlərinə qarışmaz. Mükəmməl işləyən daxili orqanlar, qollar, ayaqlar, yəni insan bədənindəki orqanlar qarışıb bir ət yığınına çevrilməzlər. Beləliklə də, başlanğıcdakı ət parçası, yavaş-yavaş insan formasını alar. Bütün bu hadisələr əsnasında ən kiçik bir qarışıqlıq və nizamsızlıq yaranmaz.

Sanki, bu hadisədə, köç edən hüceyrələr və çatdıqları yerdə birləşəcəkləri hüceyrələr bir-birlərini tanıyırlar. Nümunə olaraq, sinir sistemi inkişaf edərkən milyonlarla neyronun (sinir hüceyrəsi) bir-birləriylə əlaqəsini təmin edə bilmək üçün taylarını tapmağa səy göstərdikləri müşahidə edilmişdir. Taylarını tapmaqla da kifayətlənməyib, əmələ gətirəcəkləri orqanın son formasını və quruluşunu meydana gətirəcək möhtəşəm mühəndislik dizaynı çərçivəsində mükəmməl şəkildə birləşərlər. Məsələn, beyin hüceyrələri, aralarındakı lazımi informasiya alış-verişini təmin edəcək təxminən 120 trilyon elektrik əlaqəsi qurarlar. Tayı-bərabərinə rast gəlinməmiş bu ağlasığmaz elektron təchizatda tək bir əlaqə səhvi və ya qısa qapanmanın nələrə səbəb ola biləcəyini təxmin etmək elə də çətin deyil.

Trilyonlarla hüceyrənin bir-birləriylə uyğunluq içində hərəkət etdiklərini və yenə trilyonlarla hüceyrənin arasında, düzgün hesablama və plan sayəsində taylarını tapdıqlarından bəhs etdik. Halbuki qətiyyən düşünmə, planlama, yolunu tapma kimi qabiliyyətləri olmayan hüceyrənin belə bir qarışıqlığın içindən tək başına çıxması və yolunu tapıb doğru yerə çatması qeyri-mümkündür. Aydındır ki, ona yolunu göstərən, getməli olduğu yerə çatdıran, hər şeyi idarəsi və hakimiyyəti altında saxlayan bir gücün rəhbərliyi sayəsində hərəkət edir. Buna görə də, yolunu azması, səhv yerə getməsi və taylarını səhv salmasından söhbət gedə bilməz.

 

İnkişafdakı ağlasığmaz uyğunluq
Ana bətnindəki inkişafda müşahidə etdiyimiz digər bir möcüzə də mütənasiblik, yəni orqanların eyni zamanda, eyni nisbətdə böyümələridir.
Hər orqanın özü üçün müəyyənləşdirilmiş böyüklüyü var. Bu böyüklüyə hər hansı əskiklik və ya artıqlıq olmadan çatıla bilməsi üçünsə, inkişaf prosesi çox yaxşı zamanlanmalıdır. Əl, ayaq, qulaq, göz kimi bütün cüt orqanlar eyni anda formalaşmağa başlamalı, inkişafları eyni anda dayanmalı və bu inkişaf dayandıqda da eyni böyüklüyə çatmış olmalıdırlar. Eynilə, əmələ gələn orqanların simmetrik olması da, hüceyrələrin bərabər şəkildə, doğru zamanlama əsasında hərəkət etmələri nəticəsində mümkün olar.

Orqanların eyni vaxtda böyümələrinin nə qədər böyük və mühüm möcüzə olduğu, hadisənin tərsi düşünüldükdə daha da yaxşı aydın olar. Orqanların fərqli sürətlərdə, bir-birlərindən müstəqil şəkildə böyüdüklərini düşünək. Baş verəcək fəlakəti təsəvvür edə bilərsinizmi? Məsələn, beynin, özünü əhatə edən kəllədən olduqca sürətli böyüdüyünü düşünün. Həcmi kifayət qədər genişlənməmiş kəllə beynin sıxılıb əzilməsinə, dolayısilə körpənin qısa müddətdə ölməsinə gətirib çıxarardı. Yaxud beyin kəlləni parçalayıb inkişafını davam etdirəcək, nəticədə həm beyni, həm də kəlləsi ziyan görmüş qəribə bir məxluq dünyaya gələcəkdi. Yaxud da dəri, bədənlə müqayisədə daha yavaş inkişaf etsəydi, sürətlə inkişaf edən skelet və üzvlər dərini əvvəlcə gərmək, bir müddət sonra isə, cırmaqla böyüməyə davam edəcəkdilər. Nəticədə ortaya, üzərində bərpa edilməsi qeyri-mümkün olan dəri parçaları olan, yamaqlı və iyrənc görünüşə malik bir cəsəd çıxacaqdı. Bu mövzuda, hüceyrə membranıyla hüceyrə orqanoidlərinin uyğun inkişafından, skeletlə daxili orqanlar arasındakı mütənasib böyüməyə qədər bir çox nümunə verə bilərik.

Unudulmamalıdır ki, bütün bu saydığımız fəlakətlər, "təsadüfən" baş verəcək bir inkişafın təbii nəticələri olar. Digər bir sözlə, əgər insan ana bətnində "təsadüfən" əmələ gəlsə, yuxarıda sayılan ölümcül qəzaların meydana gəlməməsi üçün heç bir səbəb olmaz. Bunların meydana gəlməməsi və bizim dünyaya normal bir insan kimi göz açmağımızın tək səbəbi, Allah tərəfindən nəzarət edilən bir yaradılışla yaradılmağımızdır. Quranda insanın yaradılışı ilə əlaqədar belə buyurulur:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı və ümid olunur ki, şükür edəsiniz deyə, sizə eşitmə, görmə (duyğuları) və könüllər verdi. (Nəhl surəsi, 78)

Başqa bir ayədə isə, insanın yaradılışı belə bildirilir:

Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa ilah yoxdur. Buna baxmayaraq, necə döndərilirsiniz! (Zumər surəsi, 6)

Ana bətnindəki inkişaf davam edərkən, yuxarıda bəhs etdiklərimizdən daha da ağlasığmaz bir hadisə baş verər: Bölünən hüceyrələr çoxalmağa davam etdikləri bir halda, bəzi hüceyrələr özlərini məhv edərək orqanların forma qazanmasını təmin edərlər. Məsələn, əl və ya ayaq inkişafı əsnasında bəzi hüceyrələrin müəyyən qəlib əsasında ölmələri barmaqların əmələ gəlməsini təmin edər.

Əlbəttə, bu məqamda bu sualla qarşılaşarıq: Məgər bu ölən hüceyrələr, əlin və ayağın quruluşunu əvvəlcədən bilirlərmi ki, gələcəkdə doğulub həyatına başlayacaq canlının bunlardan istifadə etməsi üçün özlərini öldürərək fədakarlıq edirlər. Ölən hüceyrələrin, nəyin naminə öldüklərini bilməklə kifayətlənməyib, uğruna öldükləri orqanın quruluşunu, formasını, hətta bu orqanın iş mexanizmlərini də bilməlidirlər.

Bir anlığa bütün bunları əvvəldən çox yaxşı bildiklərini fərz edək. Bu məqamda da təkamülün məntiqini təməlindən yox edən bir vəziyyətlə qarşılaşarıq. Təkamül, bütün canlıların həyat mübarizəsi apardığı prinsipinə əsaslanır. Halbuki burada, bəzi hüceyrələr, ümumi bir mənfəət üçün özlərini fəda edirlər. Görəsən şüur sahibi olmayan hüceyrələr, insanlarda belə çətin rast gəlinən belə fədakarlıq hissinə haradan sahib olublar?

Əslində, hər şey kimi insanın fiziki xüsusiyyətləri də, Allahın iradəsi və əmri ilə meydana gəlir. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, əlinizi, hələ siz bir rüşeym halında olarkən, Allahın özlərinə, ölmələrini əmr etdiyi hüceyrələrin, ölümləri nəticəsində müəyyən qəlib meydana gətirərək əlin formasını əmələ gətirmələrinə borclusunuz.  İnsanın üz forması, onu qürurlandıran gözəlliyi, boyu və özünə aid olduğu zənn etdiyi, digər bütün xüsusiyyətləri, "hüceyrə" adlandırdığımız kiçicik canlılara Allah tərəfindən etdirilən hərəkətlər nəticəsində meydana gəlir.
Bir ayədə, Allahın yaratması belə təsvir edilir:

“O Allah ki, yaradandır, mükəmməl şəkildə var edəndir, “forma və surət” verəndir”. (Həşr surəsi, 24)

Bu yaradılış, o qədər mükəmməldir ki, bir ət yığınının bir neçə millimetrlik bir örtüklə örtülməsi nəticəsində ən gözəl varlıq olan insan ortaya çıxar.
Bütün insanların burunları təxminən eyni ölçüdədir. Bu ölçülərin minlərlə ildir ki, demək olar ki, eyni qalmasının səbəbi burun formalaşarkən hüceyrələrin müəyyən mərhələdən sonra bölünmə prosesini dayandırıb orqanın müəyyən ölçüdə qalmasını təmin etmələridir. Beləliklə də, heç kəsin burnu fil xortumu kimi uzun olmadığı kimi, heç kəsin üzündə də inkişafını tamamlamamış yarımçıq bir burun olmaz. Bütün orqanlar bir-birləriylə uyğunluq içində, həmişə özlərinə əmr edildiyi ölçüdə böyüyərlər.

Ölçüləri eyni olduğu halda, hər kəsin yalnız özünəməxsus bir üzü olması, başlı-başına bir möcüzədir. Hər kəsin iki qulağı, iki gözü, iki qaşı, bir burnu və bir ağızı olduğu halda, yer üzündə yaşayan milyardlarla insan bir-birlərindən fərqli üzlərə sahibdirlər. Yəni bu mükəmməl təşkilat hər kəsdə fərqli şəkildə olar və saysız müxtəliflik təmin edilər.

Allah bəzən bu mükəmməl sistemin nə qədər böyük nemət olduğunu xatırlatmaq üçün insana ibrətlər də göstərər. Allahın bu planda aparacağı kiçik bir dəyişiklik nəticəsində, ortaya böyük şikəstlik, hətta əlillik ortaya çıxar. Yenə, Allahın əmri ilə, hüceyrələr bölünmə prosesini dayandıra bilmədikləri və çoxalmağa davam etdiklərində isə, xərçəng adlandırdığımız xəstəlik ortaya çıxar. Bundakı hikmətlərdən biri, insana, sahib olduğu hər şey üçün Allaha şükür etməli olduğunu xatırladır. Əgər Ona şükür etməsə: "...səni torpaqdan, sonra bir damla nütfədən yaradan, sonra da səni sağlam bir insan edəni inkarmı etdin?" (Kəhf surəsi, 37) sualıyla qarşılaşacaq və axirətdə inkarının cəzasını çəkəcək.

 

Xərçəng xəstəliyi
Heç vaxt gözünüzlə görə bilməyəcəyiniz, gündəlik həyatda xəbəriniz belə olmadığınız və onsuz da vecinizə də almadığımız hər hansı bir orqanınızdakı hər hansı bir hüceyrə... Bu hüceyrə digər trilyonlarla dostuyla uyğunluq içində yaşadığı bir vaxtda, birdən naməlum bir səhvlik baş verər və etməməli olduğu bir şeyi etməyə başlayarsa nə baş verər? Bu kiçik canlı həmin günə qədər 24 saat vəzifəsini yerinə yetirdiyi bir halda, birdən-birə səhv bir iş görsə, üstəlik, bölünməməli olduğu bir anda bölünməyə başlayarsa və heç kimə qulaq asmadan çoxalmağa davam edərsə nə baş verər?
Məhz, heç xəbərimiz olmayan o kiçik canlı, milyonlarla insanın həyatına son verən xərçəng hüceyrəsi olar.

 

Xəstə hüceyrələr
Xərçəng, ən ümumi tərifi ilə, hüceyrə tərəfindən göstərilən və səbəbi hələ də aydınlaşa bilməmiş anormal bir davranışdır. Bu anormal davranış, bədənin hər hansı bir yerində, hər hansı bir hüceyrədə və hər hansı bir zamanda başlaya bilər.
Xərçəng hüceyrələri, qonşuları olan normal hüceyrələrə görə daha sürətlə çoxalarlar. Daha əvvəl araşdırdığımız kimi, normal hüceyrələrin böyümə mərhələləri vardır, lakin bu yetkinliyə çatıldıqda dayanar. Xərçəng hüceyrələri isə, qida mənbəyi tapdıqları müddətcə, heç vaxt bölünmə prosesini dayandırmazlar.

Xərçəngli hüceyrələrin ətraflarındakı hüceyrələrlə həmişəki əlaqələrində bir dəyişiklik olar. Əvvəlkindən daha müstəqil, "eqoist", hətta "pis qonşu" davranışı göstərərlər. Məsələn, hüceyrə yapışqanlığını itirərlər. Bu yapışqanlıq, inkişafın ən mühüm amillərindən biridir; bölünən hüceyrələr səthlərindəki xüsusi zülallar sayəsində qonşularıyla bir-birlərinə yapışma meyli göstərərlər. Normal hüceyrələrin bu təməl xüsusiyyətinin yox olması, bədxassəli böyüməyə, yəni xərçəngə gətirib çıxaran mühüm amildir.

Yuxarıdakı iki xüsusiyyətin birləşməsi, yəni hüceyrə bölünməsinin artan sürəti ilə yanaşı, hüceyrə yapışqanlığının yox olması öldürücüdür. Bu, yeni və qeyri-uyğun, qəribə bir toxumanınln, əmələ gəldiyi yerdən sürətlə yayılaraq böyüməsi deməkdir. Daha da pis bir şey baş verə bilər, belə ki, xərçəngli hüceyrələr "metastaz" verə bilər, digər bir sözlə, qan dövranı yoluyla bədənin başqa yerlərinə gedib, orada yeni xərçəngli hüceyrələr əmələ gətirə bilərlər. Müəyyən zaman sonra bu bədxassəli hüceyrələr, əmələ gəldikləri bədəni öldürərlər.
Normal hüceyrələrdə bölünmə proqramını dayandıran sərhədlər və qadağalar var. Hüceyrə bölünməsinə, hüceyrələr müəyyən boşluğu doldurduqları və ya əvvəlcədən müəyyənləşdirilmiş ümumi kütləyə çatdıqları vaxt qadağa qoyular. Bu sərhədlərin nə olduğu, necə işlədiyi, bölünmənin başlanğıc və bitmə əmrlərini nəyin verdiyi tibbi cəhətdən hələ də naməlumdur. Məlum olan tək şey, bu qadağaların aradan qalxmasının xərçəngin başladığı mənasını verməsidir.

Xərçəngli hüceyrələr qida tapdıqca, sərhəd tanımaz çoxalma qabiliyyətlərini davam etdirərlər. Qida mənbələrini də, içində yaşadıqları bədən meydana gətirər. Bədəndə 100 trilyon hüceyrəni qidalandıran qan, xərçəngli hüceyrələrə də ehtiyacları olan qidanı aparar. Xərçəngli hüceyrələrin sürətlə çoxalmasıyla, mövcud damarlar, bu acgöz varlıqları bəsləmək üçün qeyri-kafi qalarlar. Lakin xərçəng hüceyrələri bu maneəni də aşarlar. Yaxınlarındakı damar hüceyrələrini yeni qan damarları əmələ gətirməyə məcbur edərlər. Beləliklə də, qan damarları xərçəng kütləsinin içinə qədər uzanar və xərçəng hüceyrələri yenidən bölünməyə başlayarlar. Qan damarları böyüyüb daha çox qida daşıdıqca, xərçəng kütləsi də getdikcə böyüyər. Aparılan tədqiqatlar xərçəngli hüceyrələrin, qan damarlarının böyüməsinə səbəb olan bir maye ifraz etdiklərini göstərdir. Bu ifrazatın nə olduğu, xüsusiyyətləri və hüceyrələrə nə cür təsir etdiyi tibbi cəhətdən hələ də tam aydınlığa qovuşmamışdır.

Bu, həqiqətən də olduqca maraqlı haldır. Xərçəngli bir hüceyrə həyatını davam etdirmək üçün, müasir texnologiya sayəsində sintez edilə bilməyən, hətta nə olduğu belə qəti tapıla edilə bilməyən bir maddəni sintez edir. Beləliklə də, damar hüceyrələrinə təsir edərək özünə qida daşıyacaq yeni damarlar əmələ gətirtdirir. Bu məqamda qaçılmaz bir sualla qarşılaşarıq: Görəsən xərçəngli hüceyrə bütün bu məlumata necə sahib olmuşdur?

Bu işi "öz-özünə" görə bilməsi üçün; damar hüceyrəsinin çoxalma mexanizmlərindəki bizim bilmədiyimiz sirləri açmış olmalı və bu məlumatlar əsasında əmələ gətirdiyi maddəni ifraz edərək damar hüceyrələrini hərəkətə keçirməli və özünə xidmət etdirməlidir. Belə olan halda, xərçəng hüceyrəsini bizdən olduqca üstün bir ağlın sahibi kimi görməliyik.

Unutmamalı olduğumuz mühüm bir xüsus, bədəndəki xərçəngi başladan ilk xəstə hüceyrənin də əslində əvvəlcədən xərçəngli bir hüceyrə olmamasıdır. Normal bir hüceyrə olduğu halda, birdən nə olduğunu anlamdığımız bir əmrlə korlanar və bir xərçəng hüceyrəsinə çevrilər. Bəs sonradan bir xərçəng hüceyrəsinə çevrildiyinə görə, damar hüceyrələrinə təsir edərək xərçəngi bəsləyəcək yeni damarlar əmələ gətirtdirən bir qədər əvvəl bəhs etdiyimiz o "heyrətamiz" mayenin formulunu haradan öyrənir?

Şübhəsiz ki, Allahın bu şəkildə xərçəngi yaratmasının arxasında böyük incəlik və mühüm bir məqsəd var. Allah xərçənglə, yaratdığı sistemdə ən kiçik bir dəyişiklik olduqda bunun necə ağrılı nəticələr verəcəyini göstərir. Həmçinin bununla insanların Allah qarşısındakı zəifliklərini xatırladır.

Kim bilir, bəlkə də, bundan müəyyən müddət sonra tibb elmi xərçəngin çarəsini tapacaq. Lakin bu çarə tapıldıqda Allahın yaratdığı sistemin nə qədər möhtəşəm olduğu bir daha aydın olacaq. Əgər çıxış yolu tapılsa, yaradılmış bir mexanizmin incəlikləri yaxşı şəkildə öyrənilmiş və Allahın yaratma sənətindəki incəlik, mükəmməllik, üstün ağıl və elm bir daha gözlər önünə sərilmiş olacaq.

 

Xərçəng xəstəliyi və mutasiya
Bir hüceyrənin bu qarşısı alınmaz xüsusiyyətləri qazanmasının nə kimi bir səbəbi ola bilər? Bu hələ də bilinmir. Çevrilməni başladan səbəb böyük sualdır. Lakin bədəndə xərçəngin başlama forması ilə əlaqədar əldə edilən bəzi tapıntılar, ağla mutasiyanı, digər bir sözlə, tək bir hüceyrənin DNT-sindəki müəyyən dəyişikliyi gətirir.
Xərçəngi, mutasiya ilə əlaqələndirən bu tapıntılar belədir:
1) Xərçəng, həmişə tək bir hüceyrədəki ani dəyişiklik nəticəsində başlayır.
2) Hüceyrə bir dəfə xəstələndikdə, ondan törəyən bütün hüceyrələr xəstə olur. Yəni, bədxassəlilik hüceyrədən hüceyrəyə keçir.
3) Görünən budur ki, xərçəngli hüceyrələr, özlərindən törədikləri normal hüceyrələrə görə daha dözümlü olur və həyatda qalmaq üçün üstünlük əldə edirlər.
4) Xərçəngə səbəb olan maddələrin əksəriyyəti, məsələn, kimyəvi maddələr, rentgen və ultrabənövşəyi şüalar, həmçinin mutasiyaya da səbəb olurlar.
Dolayısilə, xərçəngin ən mümkün səbəbi, DNT-dəki bir dəyişiklik, yəni mutasiyadır. Şübhəsiz ki, bunun əksini də söyləmək mümkündür; yəni DNT-də dəyişiklik yaradan bir mutasiya, insanın xərçəng xəstəsi olmasına səbəb olur.

Bu vəziyyət isə, təkamül nəzəriyyəsini bir daha süqut etdirən mühüm bir dəlili meydana gətirir. Çünki, xatırlandığı kimi, təkamülçülərin, canlıların necə tək bir kökdən gələrək belə müxtəlif ola bildiklərini izah etmək üçün, istifadə etdikləri ən mühüm izahat mutasiyadır. Mutasiyaların canlılarda "təsadüfi" dəyişikliklər yaratdığını və bu təsadüflərin bəzilərinin "faydalı" olduğunu; beləliklə də, faydalı bir xüsusiyyət qazanmış yeni canlı növlərinin əmələ gəldiyini iddia edərlər. Halbuki, daha əvvəl də toxunduğumuz kimi, təkamülçülər hər nə qədər əksini iddia etsələr də, "faydalı mutasiya" anlayışı yoxdur. Demək olar ki, bütün mutasiyalar,  xərçəng adlandırdığımız ölümcül xəstəliklərlə, Xirosima, Naqasaki və Çernobılda yaşanan növdə ziyanlarla nəticələnir. Göründüyü kimi, təkamülçülərin növlərin əmələ gəlməsini izah etmək üçün, əl atdıqları son çarə olan mutasiyalar, təkcə mövcud sistemi korlayırlar.

Mutasiyanın bu zərərli xüsusiyyəti sayəsində, DNT-də yazılan milyonlarla şifrlik məlumatdakı ehtişam da bir daha ortaya çıxar. Mükəmməl incəliklə yazılmış DNT-də baş verəcək bir dəyişiklik, canlının məhvinə səbəb ola bilir. Bu tək bir dəyişikliyin belə xərçəngə gətirib çıxartması, insanın DNT-sinin və dolayısilə bədəninin heç bir hissəsinin təsadüfən əmələ gəlmiş ola bilməyəcəyini də bir daha açıqca göstərər. 

Bir sözlə, sağlamlıq, "təsadüfən" meydana gələ bilməz. Xüsusi bir yaradılışın nəticəsidir, Allah tərəfindən verilmiş bir nemətdir. Bunun əvəzində isə, Allaha şükür edilməlidir. Çünki Allah, istədiyi zaman bu sağlamlığı asanlıqla geri ala biləcəyini, bədənin bilinməyən bir nahiyəsində ölümcül bir xəstəlik yarada biləcəyini bizə hər gün nümunələriylə göstərir.

İnsana düşən; özünə sağlamlıq verib, onu "normal bir insan edən" (Kəhf surəsi, 37) Allaha şükür etməkdir. Xəstələndikdə isə, xəstəliyi və sağlamlığı verənin O olduğunu bilməli və hz. İbrahim kimi: "Xəstələndiyim zaman mənə şəfa verən Odur" (Şuəra surəsi, 80) deyərək Allahdan kömək istəməlidir.